Səmed Səfərov "Bakıya zeng"


Çay içmək istəmişdi. Elektrik çaydana yarısından su doldurub, qaynayacağını gözləyənə qədər bu fikirdə idi. Amma elə ki, su qaynadı, nə düşündüsə, fincana çay əvəzinə, qəhvə tozu tökdü. Çayı isti-isti içməyi sevsə də, qəhvəni içə bilmirdi. Odur ki, bir az gözləməyi qərara aldı. Baxışlarını masanın üstündəki cib telefonuna zilləyib, gözlərini azacıq qıydı və yol çəkə-çəkə fikrə getdi. Onun artıq daimi qonağı sayılacaq bu ani fikirlərinin heç bir dəqiq, konkret mövzusu yoxuydu.

O, fikirləşməyi sevən bir şəxs idi, bəlkə də, çoxu üçün ağır, kədərli, bezgin bir iş olan fikirləşməkdən, düşüncələrə dalmaqdan hədsiz zövq alırdı. Amma özü də başa düşürdü ki, xeyirli bir məşğuliyyətin qulpundan yapışmayıb. Fikirləri bəzən onu yeyir, içini köz kimi yandırırdı.

Qəhvədən ayrılaraq havanın canına hopan buxar topalarına üfürərək həm də beynində dolaşan adsız fikirləri dağıtmış oldu. Əlini qaldırıb, qaşına çəkdi, barmaqları tüklərinin arasında çıxmış balaca bir sızağa toxundu. Alnını ovxalayıb, yeni dünyanın iyrəncliklərindən bezmiş bəzi dindar insanların salavat çevirərkən sifətlərini az qala dartıb çıxartdıqları kimi əlini alnından çənəsinə ağır-ağır endirdi.

Baxışları hələ də telefonda cəmləşmişdi. Kiməsə zəng edib, bir az danışmaq, ordan-burdan söhbət etmək olardı. Amma bu şəxsin kim olacağını təyin etmək elə də asan məsələ deyildi. Bunun üçün çox səbəbi vardı. Ümumiyyətlə isə, Bakıya zəng etmək istəmirdi, hardasa başqa ölkələrdə yaşayan tanışlarla danışmaq daha xoş və maraqlı alınardı. Lakin yadına çoxdandır zəng etmədiyi keçmiş sinif yoldaşı və dostu Arif düşdü. Fikrini qətiləşdirib ayağa qalxdı, otaqda uşaq zırıltısı kimi eşidilən radionu söndürüb, yenidən pəncərə qarşısındakı masanın arxasında əyləşdi və Arifə zəng etmək üçün yaşıl düyməyə basdı.

- Bakıya zəng edirsən? , dərslə məşğul olan otaq yoldaşı Andrey soruşdu.

- Aha- , tələm-tələsik cavab verdi və qəflətən qəribə bir narahatlığın onu haqladığını duydu, ürəyinin döyüntüsünü gicgahlarında hiss edirdi, Andreyin sualı Kreml saatının hər on beş dəqiqədən bir vurarkən çıxartdığı zəif və soyuq səsi kimi qulağında dayanamadan cingildəyirdi.


* * *

- Alo?
- Salam.
- Salam.
- Necəsən, Arif? Emindir.
- Ooo- Salam, Emin, yaxşı, sağ ol. Sən necəsən?
- Yaxşı. Nə var, nə yox?
- Sağlıq- Nə əcəb zəng elədin, deyəsən, kontur almısan, qoy, bir təbrik edim.
- (gulur) Yaxşı da sən də.
- Bizi unutmusan a
- Yox, Arif, vallah- əvvəl çətin idi. Yeni ölkə, yeni mühit, sonra- yeni mədəniyyət. Həm öyrəşməkdə, həm də təhsillə bağlı baş qarışıq idi.
- Zarafat edirəmmm- di, de görək, necədir oralar? Danış- O gün ismarışında qar yağdığını deyirdin.
- Hə, arada yaman qar yağdı. Amma nəsə güclü yağmır heç. Yağanda da o saat yolları təmizləyirlər, hara baxırsan, yolların kənarında, küncdə, bucaqda qar təpələri görürsən. Amma bilsən, yağanda necə ləzzətlə yağırdı-
- Hə, istərdim orda olam, indi necədir hava?
- Indi yağış yağır. Yadında bir dəfə futbol oynayırdıq a uşaqlarla, oyunun ortasında möhkəm yağış yağmışdı. Bax, helə yağır.
- (gülür) Hə, Hə, gör nə yadında qalıb e-
- Aha, Bakıda nə yadımdan çıxmışdı hamısı burda yadıma düşür- , pəncərədən çölə baxaraq - Ramiz Rövşənin bir şeirin keçmişdik e məktəbdə, yağış yağır, günahkar dünyanı təmizləmək üçün+.
- Hmm- burda da ancaq külək əsir. Haranın zibil, üfunətli havası var, təbiət sovurub, bura üfürür. Elə bil dünyada başqa yer yoxdur..
- Doğrudan, burda anladım ki, Bakı küləkli imiş. Nədənsə, Bakıda olanda bunu hiss etmirdim. Moskvanın havasısa çox təmizdir. Elə bil getmisən dağ rayonlarından birinə: təmiz, yüngül, rütubətli, sərin hava. Amma ruslar deyirlər ki, Rusiyada ən çox çirklənmiş hava Moskvadadır. Deyirəm, siz hələ Bakıda olmamısınız. Bu nə çirkdir ki?
- Biz də belə getsək, boğulacıq. Şəhərdə ağac qalmayıb ki
- Niyə? Yeni ilə belə möhkəm hazırlaşırsız?
- (gülür) Yox e, küknar kəsib eləmirik. Şəhərdə o qədər təzə binalar tikiblər ki, ağaclıq, yaşıllıq olan bir park qalmayıb.
- .Arif, sən Moskvada təzə rayonlardakı binaları görəsən. Bizim yataqxananın yerləşdiyi rayon təzədir. Ətrafdakı binaları elə səliqə ilə, xoş görünüşlü tikiblər ki.. adam deyir, bir burda evim olsaydı- Amma qiymətləri çox bahadır
- Inşallah, olar. Oxu elə, gələcəkdə qazanıb alarsan.
- Arif, deməli, burda tələbələr tərəfindən nəşr olunan pulsuz jurnal var. Universitetdə girəcəkdə qoyublar, kim istəsə götürə bilər. Son nömrəsində bir məqaləyə rast gəldim ki, mövzusu Bakıda müxalifətin ABŞ səfirliyi qarşısında keçirdiyi aksiya barədə idi. Müəllif yazır ki, biçarə azərbaycanlılar bütün ümidlərini, gələcəklərini Amerikada, onun qucağına sığınmaqda görürlər, Amerika isə hələ də fikirləşir. O, daha çox onun köməyinə ehtiyac duymayan ölkələri işğal edib yardım edir, necə ki, Əfqanıstana və Iraqa elədi. Odur ki, Azərbaycan müxalifəti havayı belə boş xəyallara düşməsin, xeyri yoxdu, onların Amerika xülyaları boş çıxacaq. Məqaləni oxuyub, istədim nəsə yazara cavab yazım. Jurnalda elektron poçt ünvanı vardi. Amma fikirləşdim ki, doğru yazanı qınamaq olmaz, onsuz da, nə mənası var?!
- Maraqlıdır, elə bizim haqda idi məqalə? Nə yaxşı hələ yazıblar?
- Əslində, baş mövzu Amerikaya balaca ölkələrin marağından gedirdi. Amma bütün məqalə boyu sitat bizimkilərdən gətirilirdi.
- Hmm- Dərslərin necə gedir? Zaçot+ları aldın?
- Zaçot+ nədi?! Bizim dildə ona məqbul demirlər? Məqbul de.
- Eeh, sən də, Emin, kefsən e.
- Kef deyiləm, öz sözümüz ola-ola bizi- ayaqqabısının tozu da saymayan bir millətin dilindəki sözü niyə işlətməliyik?
- Guya özün Bakıda olanda məqbula zaçot+ demirdin?
- Bakıda olanda hə. Amma Moskvada tor tutmuş gözlərimə işıq gəldi də.
- Yaxşı, yaxşı, ta nəyə əsəbiləşirsən?
- Bağışla, Arif. Sən də burda olsaydın, belə şeylər sənə pis təsir edərdi.
- Hə, yaxşı məqbullarını aldın?
- Aldım, amma zülmlə. Tarix müəllimim millətçinin biridir. Tarix ancaq bu semestr oldu, ta bir də olmayacaq. Mən də rus tarixini hardan bilim, axı? Güc-bəla ilə seminarlarda fəal iştirak etdim, dörd almaq üçün kifayət qədər bal yığdım, amma vermədi. Axırıncı günə kimi sıxdı məni. Deyirəm, xariciyəm, başqa ölkədənəm, sizin tarixi bilməməyə haqqım var. Deyir, hardansan? Deyirəm, Azərbaycandan. Deyir, ölkəyə bir bax! Özü də bütün uşaqların içində. Inan bir hirslənmişdim. Istədim, qiymət kitabçasını çırpam sifətinə, bir-iki ağır söz də deyib, otaqdan çıxam. Amma güclə özümü saxladım. Müəllim də gözlərimin içinə baxır. Elə bil, gözləyir ki, nəsə kobud hərəkət edəcəm. Amma bir şey demədim. Axirda 37 bal+ dedi, yəni bizim sistemlə 4.
- Hıh- bizimkiləri sevmirlər heç?
- Bu barədə bir söz demirlər. Amma öz aralarında pisləyirlər, eşitmişəm.
- Hə- e neysə, başqa fənlərdən hamısından məqbulları almısan?
- Hə, amma imtahanlarım var, çətin olacaq- Sən neylədin? Məqbulların rüşvətin verdin?
- E hə. Əlli mindən aşağı endirə bilmədik. Axırda hamımız pulları yığdıq. Pul yığan da mən idim. Bizdə bəziləri var, imkanları aşağıdır. Axırda üstün filan düzəltdik elədik. Amma yenə də yüz şirvan əvəzinə doxsan doqquz şirvan elədi. Nəysə, dərsdə gəldik verdik. Başladı hamının qabağında saymağa, gördü, bir şirvan əskikdir. Sonra yenə saydı. Axırda sifətin turşudub qayıtdı ki, şirvanın biri yoxdu. Biz də sakit dayanmışıq. Üzünü çevirib, məndən soruşdu ki, biri hanı. Dedim, bəziləri verə bilmədi, güclə bu qədər düzəltdik. Qayıtdı ki, mən neyləyim, onda gedib bir şirvanlıq kontur alarsız.
- A siz nə gündəsiz??? , gülə-gülə deyir.
- O gün hələ müəllimimizin biri xəstələnmişdi, qoca kişidi, bir ay dərs zad olmadı, axırda dikbaşın birini göndərdilər ki, bəs, əvəz eləsin heç olmasa. Sinfə girən kimi elə ilk dərsdəcə sual verdi ki, kim pulla girib? Özüm ölüm, uşaqların hamısı qalxdı ayağa. Sonra guya ki, möhkəmdən öskürdü. Vallah, Emin, hoqqabazın biridir, heç yalandan da öskürə bilmirdi. Qayıtdı ki, yox e, kim pulluya girib. Hamı oturdu, iki-üç nəfər ayaq üstə qaldı.
- Siz də kefdi ki, oxumaq. Imtahanlara neçədən yığırsız, bəs?
- Uff.. imtahanlardan danışma. Hərəsindən 15-20 şirvan.
- Cannn e can Azərbaycan. Vətəndir də!
- Niyə ki?
- A, nə deyim ta? Mən burda eşşək kimi oturub imtahanlara hazırlaşanda siz kef eləyirsiz.
- Inan, mən də, Orxangil də, Tural da bezmişik. Dərsə də getmək istəmirsən. Getməyəndə də müəllim tutur qırtlağından, başlayır elə bir riyazi hesablamaya ki, dilin ağzında, əlin cibində quruyur Bir qayıbın qiyməti ən yaxşı halda iki şirvandır.
- (gülür)- Mənim sentyabrın birindən hələ qayıbım yoxdur-
- Hə, hələ mən qrupdakı uşaqların çoxun tanımıram. Adları gedir, özlərisə gəlmirlər nə bilim, inşallah, yaxşı olar.
- Məktəbdən xəbərin yoxdur? Pakizə arvad soyur uşaqları?
- A hə! Təranə müəlləmiylə Solmaz müəlliməni çıxartdılar. Guya çox qocadırlar. Indi onların yerinə təzə cavan qız müəllimələri gətiriblər. Turalın qardaşı deyir ki, dərsdə uşaqlara çalışma verir, sonra güzgüsün zadın çıxardır, başlayır, kosmetikayla məşğul olmağa. Bir də görürsən telefonun götürüb, sevgilisiylə danışır. Özü də uşaqların içində qayıdır ki, sən məni sevmirsən, səndən incimişəm. Ayə kefdir e! Turalın anası getmişdi səki şikayətə, ona da orda yaxşıca başa salıblar ki, o təzə cır-cındırların Pakizəyə elədikləri hörmətin yanında nə qədər boğazın cırsan, xeyri olmayacaq. Vallah, ele bil, söz+ü də auksiona qoyublar.
- Hmm.. deməli, köhnə hamam, köhnə tasdır
- Hə, nə bilim, inşallah, yaxşı olar. Sənin kimi xaricdə oxuyanlar gələr, buraları düzəldər.
-ötən gün Moskvada oxuyan tələbələrlə şəhərdəki görüşdə etdikləri söhbət yadına düşdü. Burada oxuyandan sonra Bakıya qayıtmaq istərdiz?+ sualına hamısı yox+ demiş, bunun axmaqlıq olduğunu söyləmişdilər. O da fikirləşmişdi ki, yəqin, özü də axmaqdır
- -Gələcəksən yeni ilə kimi?
- Bilmirəm hələ, bəlkə, heç gəlmədim.
- Necə yəni? Çaşdın?
- (gülür) Yox- yəqin gələcəm, ona görə ki, birinci ildir. Amma, düzün desəm, həvəsim ölür
- Necə yəni? Burda biz hamımız səni gözləyirik, sən də ki
- Zarafat edirəm, gələrəm, inşallah.
- Baxıram dili zadı unudub eləməmisən. Yenə bülbül kimisən, maşallah. -
A bəsdi də, az şitlik elə , gülə-gülə deyir - Siz çalışın, özünüz dili unutmayın.
- Hıh, bu gün, deyəsən, əməlli başlı bankrot oldun a
- Yox, narahat olma, burda mobil telefonlar üçün kontur ucuzdur. Əslində, heç kontur deyil, telefona pul köçürürsən. Ismarış da yazanda nəsə səbrim çatmır, ona görə az yazıram.
- Hə, hiss edirəm, yazanda qısa yazırsan.
- -Uşaqlarla görüşüb edirsiz heç? Hamı yaxşıdır?
- Hə, yaxşıdırlar, Allaha şükür- Səni gözləyirik, gələn kimi sağlığına Lahmacun+da qonaqlıq veririk.
- Hə, inşallah. Yaxşı, onda uşaqlara da məndən salam de. Zəng edəcəm onlara da.
- Oldu, sənlə qalan ruslardan kim varsa, məndən də salam de. -
Baş üstə. Salamat qal. Özündən muğayat ol!
- Hələlik.


* * *

Telefonun qırmızı düyməsinə basanda özünü səhərdəndir onu narahat edən bir hissin caynağından xilas olmuş kimi hiss etdi. Ürəyi sakitləşmiş, həyəcanı sıfra enmişdi. Fincanı əlinə alıb, qəhvəninin soyuyub-soyumadığını yoxladı və ilk qurtumu alınca ucadan qalın səslə dedi:
- Arif salam deyir!
- Kim? , böyük formatlı ağ kağızda rəsmxətdən ev tapşırığını edən Andrey təəccüblə soruşdu.
- Mənlə indi danışan, dedi sənlə qalan uşaqlara salam deyim.
- Hmm- nə demək lazım olduğunu bilməyərək kəkələyə-kəkələyə soruşdu - nə deyir? Bakı necədir?
- Bakı? Bakı heeeeç- o, hələ də göz yaşlarına inanmır - istehzayla gülümsəyərək cavab verdi və fincanı başına çəkib, qəhvəni bir qurtuma içdi...



Əsərin müəllifi haqqında: Səməd Səfərov 1987-ci il oktyabrın 5-də Ağdam şəhərində dünyaya gəlib. Orta məktəbi Bakıda bitirmiş, daha sonra Rusiya Federasiyasında Moskva Dövlət Zərif Kimyəvi Texnologiya Akademiyasında menegment ixtisası üzrə təhsil almışdır. İlk qələm təcrübələri mətbuatda dərc olunmuşdur.